Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən “İrs–mədəni dəyərlərimizin təbliği” layihəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Layihənin fəaliyyət dairəsi, hədəf sahəsi, tutduğu vəzifələr, icra mərhələləri və gözlənilən nəticələrindən bəhs edilib.
Qeyd olunub ki, “İrs–mədəni dəyərlərimizin təbliği” cəmiyyətin əziyyət çəkdiyi sosial problemlərdən olan narkomaniya, erkən nikah, bullinq, məişət zorakılığına qarşı mübarizə, eləcə də, vətənpərvərlik hissinin gənc nəslə aşılanması məqsədilə aparılan təbliğat işlərini özündə birləşdirən ilk yaradılmış mədəniyyətyönümlü layihədir.
Sadalanan problemlərin incəsənətin köməyilə həllini tapacağı gözlənilən layihədə təbliğat musiqi və rəqsin vasitəsilə xoreoqrafik kompozisiyalarla insanların diqqətinə çatdırılacaq.
Layihənin əsas məqsədi minilliklər boyu Azərbaycan xalqının malik olduğu milli dəyər və adətlərinin qorunub saxlanılmasıdır. Layihə çərçivəsində BXA-dan 30-a dək könüllü tələbə seçiləcək. Qeyd olunan mövzular əsasında tələbələrin iştirakı ilə hazırlanan rəqs kompozisiyaları insanların kütləvi olduqları məkanlarda nümayiş olunacaq.
Qeyd edək ki, tədbir çərçivəsində layihə barəsində fotoslayd da nümayiş olunub.