Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə “İnsan zorakılığına qarşı mübarizə” və “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi,müəllim-şagird heyəti ilə yanaşı, Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə polis mayoru Yeganə Zeynalova və polis baş leytenantı Ziba İbrahimova iştirak edib.
Tədbirdə “İnsan zorakılığı nədir?” sualı ətrafında geniş müzakirələr aparılıb və bu barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, zorakılıq və onun formaları dünyanın ən qorxulu ictimai problemlərindən qaynaqlanır:
“İstər ictimai, istər, məişət zəminində, istərsə də təlim-tərbiyə ocaqlarında zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zorakılıqdan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, həmçinin, zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər planı həyata keçirilir. Məktəblərdə şagirdlər arasında yaşanan zorakılığın qarşısının alınması üçün məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər maarifləndirilməlidirlər”.
Eyni zamanda, zorakılıq halı ilə qarşılaşdıqda hansı addımların atılması, kimə və hara müraciət edilməsi barədə də şagirdlərə məlumat verilib.
Daha sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışılıb və ölkə miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Narkomaniyanın ictimai bəla olaraq cəmiyyətə ziyanı, onunla mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzində tərbiyə edilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.