Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin Musiqi sənəti kafedrasının konsertmeyster, müəllim və tələbələrinin iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak edib.
Konsert “Azərbaycan maralı” xalq mahnısı ilə açıq elan edilib. Eyni zamanda, “Ögey ana” və “Məhəllə” filmlərindən musiqili fraqmentlər, S. Rüstəmovun “Hardasan”, C. Quliyevin “Tələbə”, V. Adıgözəlovun “Xoşum gəlir”, F. Sücəddinovun “Əgər məni unutsan”, K. Heydərovun “Nigaranam” kompozisiyaları və mahnı janrında musiqi yaratmış Azərbaycan bəstəkarlarının əsərlərindən digər nümunələr fortepiano, qarmon, tar, nağara və kamança kimi Azərbaycan çalğı alətlərində ifa edilib.
Qeyd edək ki, konsertin musiqi tərtibatı akademiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynliyə məxsusdur.