Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Zərərli vərdişlərə yox deyək!” adı altında maarifləndirici tədbir keçirilib.

Tədbirdə BXA-nın idarə heyəti, müəllim və şagirdləri ilə yanaşı, Nəsimi rayon polis idarəsinin baş inspektoru, polis mayoru Vüsal Qafarov, inspektor, polis mayoru Yeganə Zeynalova və polis leytenantı Fərid Quliyev iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Ölkəmizdə sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilmiş tədbirdə şagirdlərin təqdimatında QİÇS-lə, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumat verilib. Eyni zamanda, onların təhsilə, elmə, incəsənətin müxtəlif – rəqs, idman, rəsm və digər sahələrinə marağını artırmaq məqsədilə tövsiyələr verilib.

Tədbir çərçivəsində QİÇS-lə mübarizə aparmağın sağlam üsulları və yaranacaq fəsadlarını qarşısını almaqdan ötrü istifadə olunacaq metod və üsullardan bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında təqdim olunan “Ağ və qara”, “Kölgə” rəqs kompozisiyaları ilə yanaşı maarifləndirici səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.