Bakı Xoreoqrafiya Akademiyası (BXA) 2024-cü ilin 17-18 fevral tarixlərində onlayn formatda keçirilən “Bez Qranits” I beynəlxalq coxjanrlı incəsənət müsabiqəsinə Xoreoqrafiya nominasiyası üzrə qatılıb.
Müasir rəqs nominasiyasında BXA-nın orta ixtisas təhsili pilləsinin tələbələrindən ibarət “Buta” kollektivi Soltan Hacıbəylinin “Karvan”, tələbələr Teymur Nurməmmədov və Nərgiz Abdullayeva isə duet formatında Billi Eiliş “Sevgi haqqında” rəqs nömrələri, milli rəqs nominasiyasında “İncəlik” rəqs ansamblı Elmira Rəhimovanın “Sən yadıma düşəndə”, “Bakının ulduzları” rəqs ansamblı “101” rəqs nömrələri ilə, “Xarı bülbül” rəqs ansamblı Eldar Mansurovun Lirik rəqs nömrələri ilə çıxış ediblər.
Mart ayının əvvəlində elan olunmuş nəticələrə əsasən, müasir rəqs nominasiyasında “Buta” kollektivi, eyni zamanda, Teymur Nurməmmədov və Nərgiz Abdullayeva dueti müsabiqənin II dərəcəli laureat diplomuna, milli rəqs nominasiyasında “İncəlik” rəqs ansamblı, “Bakının ulduzları” rəqs ansamblı və “Xarı bülbül” rəqs ansamblı Qran Priyə layiq görülüblər.