Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan SSR Xalq artisti, “Şöhrət” ordenli, əvəzolunmaz pedaqoq, rəqqasə-xoreoqraf Xumar Zülfüqarovaya həsr olunmuş xatirə gecəsi keçirilib.
Tədbirdə Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, BXA-nın elmi katibi, dosent Həbibə Məmmədova, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova və akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev açaraq, qonaqları və iştirakçıları salamlayıb. Daha sonra Xumar xanım Zülfüqarovanın yetirməsi olaraq onunla bağlı xatirələrini bölüşüb.
Ardınca isə Xumar Zülfüqarovanın digər yetirmələri müəllim Şəlalə Səfiyeva, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, İncəsənət Gimnaziyasinın klassik rəqs müəllimi Natella Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar İctimai Birliyinin sədri, xoreoqraf Afaq Hüseynova əziz və unudulmaz müəllimləri barədə xoş təəssüratlarını bölüşüblər.
Onlar bildiriblər ki, Xumar Zülfüqarova tələbkar, vətənpərvər, səmimi, təvazökar xüsusiyyətlərinə sahib olub.
Daha sonra Xumar Zülfüqarovanın sənət fəaliyyətini əks etdirən, onun ifasında sərgilənən sənət nümunələri, dərs zamanı tələbələrə rəqs sənətinin incəliklərini öyrətməsi, gürcü kinematoqrafiyasının istehsalı olan “Mamluk” filmində canlandırdığı Şərq qızının rəqsi, nəvəsinin toyunda ifa etdiyi rəqsi videoçarx şəklində nümayiş etdirilib.