28 aprel — 2 may tarixlərində Türkiyənin Ankara şəhərində TÜRKSOY Baş Katibliyi və Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Direktorluğunun əməkdaşlığı ilə Türk Dünyası Beynəlxalq “Ankara” Peşəkar Dövlət Xoreoqrafiya və Balet Məktəbləri Festivalı təşkil olunacaq.
Festivalda TÜRKSOY-a üzv ölkələrdən bu sahədə peşəkar təhsil verən qurumların nümayəndələri çıxış edəcək, tədbir çərçivəsində sözügedən sahədə təhsil verən müəssisələr arasında əməkdaşlığın, eləcə də ortaq fəaliyyətlərin genişləndirilməsi məqsədilə protokol imzalanması da planlaşdırılır.
Festivalda Azərbaycanı Bakı Xoreoqrafiya Akademiyasının (BXA) nümayəndə heyəti təmsil edəcək.
Tədbirə BXA-nın Xarici əlaqələr üzrə prorektoru, xalq artisti, dosent Təranə Muradova, xoreoqraf- müəllim Mehriban Nəzərova, akademiyanın orta ixtisas təhsil pilləsinin I kurs tələbəsi Məryəm Əliyeva, tam orta təhsil pilləsinin IX sinif şagirdi Fidan Axundzadə qatılacaq.
Həmçinin, M. Nəzərovanın festival çərçivəsində təşkil olunan ustad dərslərdə “Klassik balet” dərsini tədris etməsi nəzərdə tutulur.