Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə “Abbasqulu Ağa Bakıxanovun Azərbaycan tarixi və ədəbiyyatında rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və tələbələri ilə yanaşı, Bakıxanovlar nəslinin nümayəndəsi, böyük şəxsiyyətin kötücəsi olan İlqar Bakıxanov da iştirak edib.
BXA-nın orta ixtisas təhsili pilləsinin Rəqs müəllimliyi və Xoreoqrafiya sənəti ixtisası üzrə təhsil alan I kurs tələbələri Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti, yaradıcılığı, Azərbaycan ədəbiyyatı və tarixşünaslığındakı müstəsna xidmətlərindən bəhs edən təqdimat çıxış hazırlayıblar.
Qeyd edilib ki, “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Eynül-mizan”,”Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanan Azərbaycanın mütərəqqi alimi Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir.
Eyni zamanda, tədbirin mötəbər qonağı olan, Abbasqulu Ağa Bakıxanovun kötücəsi İlqar Bakıxanov ulu babası ilə bağlı tarixi məlumatları bölüşüb.