Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti və qonaq qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları iştirak edib.
Tədbir Dövlət Himni ilə açıq elan olunub. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Zəfər Günü birliyimizin, iradəmizin rəmzi kimi Azərbaycan tarixinə əbədi həkk olunub:
«Müzəffər ordumuz Ermənistanın işğalçı qüvvələrini məhv edərək böyük qələbəyə imza atıb. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan güclü siyasəti, yenilməz ordumuz və dəmir yumruq kimi bir olan xalqımızın gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi».
Tədbirdə orta ixtisas təhsili pilləsinin tələbələrinin ifasında xalq çalğı alətlərində F. Əmirovun “Laylay”, Ü. Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Qarabağ şikəstəsi” musiqi nömrələri səsləndirilib.
Tədbirdə ifa olunan “Xarıbülbül” şeiri, eləcə də nümayiş olunan “Xəyal”, “İlk bahar” və “Cənnətim Qarabağ” rəqs kompozisiyaları maraqla qarşılanıb.
Eyni zamanda, şəhid və qəhrəman əsgərlərimizin zəfər yoluna gedən igidlik, şücaət dolu müharibə həyatını əks etdirən videoçarx təqdim olunub.