5334672986402919975

Azərbaycan milli xoreoqrafiya sənətinin inkişaf tarixində mühüm yer tutan, görkəmli rəqqas, baletmeyster, Azərbaycan SSR Xalq artisti Əlibaba Abdullayevin anadan olmasının 111 illiyi münasibətilə onun zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti dərin ehtiramla yad edilir.

1915-ci il martın 23-də Bakı şəhərində anadan olan Əlibaba Abdullayev erkən yaşlarından incəsənətə, xüsusilə rəqs sənətinə böyük maraq göstərmişdir. O, hələ yeniyetməlik dövründə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəqs kollektivinə qoşularaq bu sahədə ilk addımlarını atmışdır. Onun fitri istedadı və musiqi duyumu qısa müddətdə diqqəti cəlb etmiş, nəticədə 1935-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan rəqs ansamblına dəvət olunmuşdur. 1936-cı ildən etibarən Filarmoniyanın Mahnı və Rəqs Ansamblının üzvü kimi fəaliyyətə başlayan sənətkar milli rəqs sənətinin peşəkar səviyyədə inkişafında fəal iştirak etmişdir.

Əlibaba Abdullayevin yaradıcılığının formalaşmasında Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyələri mühüm rol oynamışdır. Bəstəkar onun musiqi ritmini dərindən duymaq bacarığını yüksək qiymətləndirmiş, rəqslərinin melodiyanın vizual təcəssümü kimi təsir gücünə malik olduğunu vurğulamışdır. Bu xüsusiyyətlər sonradan Abdullayevin xoreoqrafik yaradıcılığının əsas estetik prinsiplərindən birinə çevrilmişdir.

1938-ci ildə Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında Qəmər Almaszadənin rəhbərlik etdiyi kollektivin tərkibində iştirak edən Əlibaba Abdullayev burada “Qaytağı” rəqsinin ifası ilə geniş tamaşaçı rəğbəti qazanmışdır. Bu dövr onun yaradıcılıq inkişafının mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.

İkinci Dünya müharibəsi illərində Əlibaba Abdullayev Filarmoniyanın Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik etmiş, həm ön, həm də arxa cəbhədə çıxışlar edərək sənəti ilə döyüşçülərin mənəvi ruhunun yüksəldilməsinə xidmət göstərmişdir. O, eyni zamanda müxtəlif vətənpərvərlik ruhlu kompozisiyaların hazırlanmasında iştirak etmiş, Üzeyir Hacıbəyli tərəfində “Vətən və cəbhə” kantatasının səhnə həlli məxsusi olaraq Əlibaba Abdullayevə tapşırılmışdır. 1943-cü ildə ona “Əməkdar artist” fəxri adının verilməsi bu dövrdəki xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Müharibədən sonrakı illərdə Əlibaba Abdullayev yaradıcılıq fəaliyyətini daha da genişləndirərək Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində fəaliyyət göstərmiş, burada Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə rəqs quruluşları vermişdir. O, Fikrət Əmirov, Süleyman Ələsgərov, Viktor Dolidze kimi bəstəkarların əsərləri əsasında hazırlanan tamaşalarda həm ifaçı, həm də xoreoqraf kimi çıxış etmişdir.

1950–1960-cı illər Əlibaba Abdullayevin yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. Bu illərdə o, Azərbaycan xalq rəqslərinin səhnə interpretasiyasını yeni estetik keyfiyyətlərlə zənginləşdirmiş, “Vağzalı”, “Yallı”, “Nəlbəki”, “Qaytağı”, “Bahar”, “Nağaraçılar”, “Ay gözəl” və digər rəqslərə yüksək peşəkarlıqla quruluş vermişdir. Onun xoreoqrafik əsərlərində milli koloritin qorunması ilə yanaşı, kompozisiya bütövlüyü, plastika mədəniyyəti və musiqi ilə hərəkətin harmonik vəhdəti əsas yer tutur.

Əlibaba Abdullayevin yaradıcılığında süjetli və tematik rəqs kompozisiyaları da xüsusi yer tutur. “Dostluq” süitası, “Neftçilər”, “Ovçular”, “Balıqçılar”, “Məhsul”, “Şənlik” kimi kompozisiyalar onun milli həyat tərzini, əmək prosesini və sosial-mədəni mühiti rəqs dili ilə ifadə etmək bacarığını nümayiş etdirir.

Sənətkarın fəaliyyətində pedaqoji istiqamət də mühüm yer tutmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (keçmiş Mirzə Ağaəli Əliyev adına İncəsənət İnstitutu) və Bakı Xoreoqrafiya Məktəbində (indiki Bakı Xoreoqrafiya Akademiyasında) çalışaraq gənc rəqqasların yetişdirilməsində mühüm rol oynamış, milli xoreoqrafiya ənənələrinin davamlılığını təmin etmişdir.

Əlibaba Abdullayev Azərbaycan kinematoqrafiyasında da məhsuldar fəaliyyət göstərmişdir. O, «Səbuhi», «Arşın mal alan», «O olmasın, bu olsun», «Görüş», «Əhməd haradadır?», «Sehrli xalat», «Dəli Kür» və digər filmlərdə rəqs səhnələrinə quruluş vermişdir. Bu quruluşlar filmlərin dramaturji xəttinə uyğunlaşdırılaraq obrazların xarakterinin açılmasına və ümumi bədii təsirin gücləndirilməsinə xidmət etmişdir.

1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya Gənclər və Tələbələr Festivalında qızıl medala layiq görülən sənətkar, həmçinin müxtəlif dövlət mükafatları və fəxri fərmanlarla təltif olunmuşdur. 1959-cu ildə “Xalq artisti” fəxri adına layiq görülməsi isə sənətkarın yaradıcılığının ən yüksək səviyyədə qiymətləndirilməsinin bariz nümunəsidir.

Əlibaba Abdullayev ümumilikdə 200-dən artıq rəqs kompozisiyasının müəllifi kimi Azərbaycan xoreoqrafiya sənətinin qızıl fondunu zənginləşdirmişdir. Onun fəaliyyəti yalnız səhnə və kino ilə məhdudlaşmamış, eyni zamanda milli rəqs məktəbinin formalaşması və gələcək nəsillərə ötürülməsi istiqamətində də mühüm əhəmiyyət kəsb etmişdir.

Əlibaba Abdullayev 1980-ci il avqustun 9-da Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün onun adı Bakı şəhərinin küçələrindən birinə verilmiş, yaşadığı evin üzərinə xatirə lövhəsi vurulmuşdur. Sənətkar haqqında sənədli filmlər çəkilmiş, zəngin yaradıcılıq irsi milli mədəniyyət tariximizin ayrılmaz hissəsinə çevrilmişdir.

Əlibaba Abdullayevin çoxşaxəli fəaliyyəti Azərbaycan xoreoqrafiya sənətinin elmi-nəzəri əsaslarının formalaşmasına, onun səhnə və ekran müstəvisində inkişafına mühüm təsir göstərmişdir. Onun irsi bu gün də peşəkar xoreoqrafiya təhsili və ifaçılıq ənənələri üçün mühüm mənbə olaraq aktuallığını qoruyur və gələcək nəsillər üçün dəyərli örnək kimi yaşayır.

Comments are disabled