Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyası Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbir çərçivəsində Zəfər Gününə həsr edilmiş Esse müsabiqəsində fərqlənən və I, II, III yerlərdə qərarlaşan 30-a yaxın şagird Sertifikatla təltif olunub.
Ədəbi-bədii hissədən ibarət olan tədbirdə şagirdlər tərəfindən şeirlər, mahnılar, səhnəciklər və rəqs nömrələri nümayiş olunub.
Məktəblilər tərəfindən təqdim edilən təlimatlarda 1989-cu ildə BMT tərəfindən 54 maddədən ibarət qəbul olunmuş Konvensiya barədə də məlumat verilib.
Şagirdlərin təqdimatında Azərbaycan və rus dillərində nümayiş edilən ailə-məişət, valideyn-övlad, müəllim-şagird, dostluq münasibətləri və digər mövzuları əhatə edən səhnəciklər nümayiş olunub.
Tədbirin sonunda BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova çıxış edərək Azərbaycanda uşaq hüquqlarının necə qorunması barədə danışıb. Eyni zamanda, o, uşaqlara xoşbəxt, sağlam həyat, qarşıdan gələn payız tətilinin xoş və səmərəli keçirmələrini arzulayıb.