Xalq artisti Ramiz Quliyev Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsi keçib
Görkəmli tarzən, Azərbaycanın SSR Xalq artisti, Dövlət Mükafatı Laureatı Ramiz Quliyev Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili və bakalavr pillələrinin tələbələrinə ustad dərsi keçib.
Ustad dərsində Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən , Əməkdar artist Nailə Məmmədzadə, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, BXA-nın elmi katibi, dosent Həbibə Məmmədova, Tədris şöbəsinin müdiri Yeganə Tapdıqova, kafedra müdirləri, akademiyanın müəllim-tələbə heyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasından dəvət olunmuş nümayəndə heyəti: Elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, Elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, baş elmi işçi, Xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi, dosent Rauf Bəhmənli və Elmi-tədqiqat laboratoriyasının bir sıra aparıcı elmi işçiləri, doktorantları iştirak ediblər.
BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən N. Məmmədzadə iştirakçıları salamlayaraq görkəmli Azərbaycan musiqiçisi Ramiz Quliyevi akademiyada görməkdən çox məmnun olduğunu vurğulayıb. Ramiz Quliyev məktəbinin Azərbaycan mədəniyyətindəki rolundan danışan N.Məmmədzadə sonda görkəmli tarzənə simvolik hədiyyə verib.
Sonra BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Nuridə İsmayılzadə, BXA-nın müəllimi, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıxov, Xalq artisti Zümrüd Məmmədova, BXA-nın Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov və dosent Rauf Bəhmənli Ramiz Quliyevin şəxsi keyfiyyətləri və məziyyətləri barədə çıxış ediblər.
Ustad dərsi ərzində Ramiz Quliyev BXA-nın orta ixtisas təhsili və bakalavriat pillələrinin tələbələri ilə birgə, musiqi alətində bir neçə musiqi nömrələrini ifa edərək, onlara tövsiyə və iradlarını bildirib. O, Azərbaycan klassik muğamları olan “Zabil segahı”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Şikəsteyi fars” Azərbaycan muğamlarında giriş hissəsini təşkil edən müqəddimə formalarından olan bərdaştı necə ifa etməyin incəliklərini əyani şəkildə göstərib.
R. Quliyev tələbələrə tövsiyələri zamanı tarın incə xüsusiyyətlərindən bəhs edib, alətin düzgün köklənməsini, mizrab və trellərin doğru vurulmasının vacibliyini xüsusi vurğulayıb. Daha sonra Ramiz Quliyevin ifasında Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında tarda müşayiət etdiyi musiqi nömrələri videoçarx şəklində nümayiş etdirilib.
Sonda Ramiz Quliyev dəvət üçün akademiyanın rəhbərliyinə səmimi minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.