Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli baletmeyster, milli balet sənətinin əfsanəsi Rəfiqə Axundovanın xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbir çərçivəsində Rəfiqə Axundovanın həyat və yaradıcılıq fəaliyyətini işıqlandıran videoçarx nümayiş olunub.
Onun təkrarolunmaz ifa tərzi ilə yüksək peşəkarlıq səviyyəsində yaratdığı “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q. Qarayev), “Gülşən” (S. Hacıbəyov), “Qız qalası” (Ə. Bədəlbəyli), “Məhəbbət əfsanəsi (A. Məlikov) və s. balet tamaşalarındakı dolğun səhnə obrazları və həyat yoldaşı Maqsud Məmmədovla birlikdə quruluş verdiyi “Xəzər balladası” (T. Bakıxanov), “Qobustan kölgələri” (F. Qarayev), “Yallı”, “Azərbaycan süitası” (R. Hacıyev), “Babək” (A. Əlizadə) və digər balet əsərləri haqqında ətraflı məlumat verilib.
Daha sonra BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında nümayiş edilən “Yeddi gözəl” baletindən “Qızlar rəqsi” və “Klassik rəqs” kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.