Məmmədova Kəmalə Nəriman 240x300 1

Məmmədova Kəmalə Nəriman

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Müəllim

Qısa bioqrafik məlumat

7 noyabr 1965-ci ildə Qubadlı rayonunda anadan olmuşdur.
1983-cü ildə Bakı şəhəri Xətai rayonu 194 nömrəli orta məktəbi bitirmişdir. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Teatr Aktyoru” ixtisasına daxil olmuş, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1991-ci ildə universitetin tədris teatrında fonoteka müdiri vəzifəsində başlamışdır.
20 aprel 2009-cu ildə “Musiqili Teatr Sənəti” kafedrasına laborant vəzifəsinə təyin edilmiş, 7 sentyabr 2009-cu ildə müsabiqə yolu ilə müəllim-assistent vəzifəsinə keçirilmişdir.
6 yanvar 2010-cu ildə müəllim, 23 noyabr 2011-ci ildə isə müsabiqə əsasında “Estrada və Musiqili Teatr Aktyoru” kafedrasında baş müəllim vəzifəsinə təyin olunmuşdur. Sonradan struktur dəyişiklikləri ilə əlaqədar kafedranın adı “Musiqili Teatr Kafedrası” olaraq dəyişdirilmişdir.

“Musiqili Teatr Kafedrası”nda baş müəllim kimi fəaliyyət göstərdiyi dövrdə kurs rəhbəri olmuş, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Əli Əmirlinin “Valentin günü”, Tofiq Quliyevin “Qızıl axtaranlar”, Mirzə Haqverdiyevin “Qısqanc ürəklər”, Emin Sabitoğlunun “Hicran” və digər tamaşalara yeni quruluşlar vermişdir. Bu tamaşalar ilin ən uğurlu kurs və diplom tamaşaları sırasında yer almışdır.

14 sentyabr 2017-ci ildən Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının “Sənətşünaslıq” kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlamış, 2019-cu ildən tam ştat müəllim kimi çalışmışdır.
Hazırda Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin “Humanitar fənlər” kafedrasında tam ştat müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyət

2011–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində doktorantura pilləsində təhsil almışdır.
1 noyabr 2016-cı il tarixində 62.19.01 – “Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə “Teatr maarifçiliyi kulturoloji amil kimi” mövzusunda dissertasiya müdafiə etmişdir.
11 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Pedaqoji fəaliyyəti dövründə 21-dən artıq elmi məqalə və tezisin müəllifi olmuş, respublika və beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Bakalavr və magistratura səviyyələri üçün üç fənn proqramının həmmüəllifi, bir fənn proqramının müəllifidir.
“Balet liberettoları (XIX–XX əsrin əvvəlləri)” adlı dərs vəsaitinin həmmüəllifidir.