Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görkəmli kamança ustası, bəstəkar, dirijor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Qılman Salahovun yaradıcılığına həsr olunmuş elmi-nəzəri seminar keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti ilə yanaşı, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndə heyəti də iştirak edib.
Seminarda Azərbaycan musiqisinin inkişafında özünəməxsus yeri olan Q. Salahovun yaradıcı fəaliyyəti, musiqi sənəti qarşısında göstərdiyi xidmətləri barədə geniş məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan xalq musiqi mədəniyyətinin əsasını qoymuş Ü. Hacıbəyli tərəfindən 1931-ci ildə ilk dəfə notla çalınan xalq çalğı alətləri orkestrin üzvləri sırasında Səid Rüstəmov, Bəhram Mənsurov, Xosrov Məlikov və başqaları ilə yanaşı, Qılman Salahov da olub:
“Qılman Salahov orkestrdə kamança ifaçısı kimi iştirak edirdi. Növbəti illərdə, 1936-cı ildə Ü. Hacıbəyli Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs ansamblı yaradır və həmin ansambla bədii rəhbər kimi öz assistenti dirijor, kamança ifaçısı Qılman Salahovu təyin edir. Q. Salahovun bu ansamblın daha da inkişaf etməsində, tanınmasında böyük rolu olub. O, Azərbaycanın bölgələrinə gedərək, oradan istedadlı gənc ifaçıları, rəqqasları seçib və ansambla cəlb edib”.
Tədbirdə Q. Salahovun bəstəkarlıq fəaliyyətinə də toxunulub:
“O, məşhur Azərbaycan rəqsləri olan “Nəlbəki”, “Sevgilim”, “Kürd”, “Qaval”, “Naz eləmə” rəqslərini və bir sıra musiqi əsərlərin müəllifidir”.
Sonra Qılman Salahovun yaradıcılıq fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Ardınca BXA tələbələrinin ifasında Qılman Salahovun bəstəsi olan “Qaval rəqsi”, “Naz eləmə”, “Nəlbəki” rəqsləri təqdim edilib.
Sonda isə Bakı Musiqi Akademiyasının nümayəndə heyəti tərəfindən BXA-ya Qılman Salahovun həyat və yaradıcılığına dair məqalələrin yer aldığı bir neçə kitab nümunələri hədiyyə edilib.