Pənahova Elmira Pənah qızı

Elm və yaradıcılıq işləri üzrə prorektor
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Tel: (012) 597-28-43

Pənahova Elmira Pənah qızı 16 oktyabr 1979-cu ildə Qazaxıstanın Aktau şəhərində anadan olub. 1996-cı ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb-Studiyasını fortepiano ixtisası üzrə bitirib. 1996–2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Tarix-nəzəriyyə” fakültəsində musiqişünas və fortepiano ixtisasları üzrə təhsil alıb. 2000–2002-ci illərdə BMA-nın “Musiqişünaslıq” fakültəsinin magistraturasında təhsil alıb.

E.Pənahova 2007-ci ildə professor S. A. Seyidovanın rəhbərliyi altında yazdığı “Yaxın Şərq xalqları musiqisinin lad sistemlərinin müqayisəli təhlili” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və nəticədə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını alıb. 2017-ci ildə E. P. Pənahova BMA-na elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

1998-ci ildən E.P. Pənahova Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində nəzəriyyə şöbəsinin müəllimi vəzifəsində çalışır. Məktəbdə işlədiyi müddətdə konsertmeyster fəaliyyətinə görə Fəxri fərman və diplomlarla təltif edilib. 2005-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasında müəllim, 2009-cu ildən baş müəllim, 2014-cü ildən isə dosent vəzifəsində işləyir.

2021-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsinə təyin edilib. E. Pənahova dərs vəsaitləri, metodik vəsait, elmi məqalələr və oçerklər, proqramlar müəllifi, respublika və beynəlxalq konfrans iştirakçısı, kitab, dərs və not vəsaitləri, elmi-metodik işlər toplusunun redaktorudur.

2015-ci ildə E. Pənahova “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalında, 2016-cı ildə isə Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika elmi-ifaçılıq müsabiqəsində münsif olub.

Bundan başqa, o, 2017-ci ildə keçirilən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik Musiqi və Folklorun Gənc İfaçılarının “WORLD HARMONY” adlı I Beynəlxalq Müsabiqəsinin təşkilat işlərində yaxından iştirak edib, 2019-cu ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin Dövlətlərarası İctimai Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən Klassik Musiqi və Folklorun Gənc İfaçılarının “WORLD HARMONY” adlı II Beynəlxalq Müsabiqəsinin təşkilat komitəsinin üzvü olub.

2020-ci və 2021-ci illərdə Litvanın Vilnüs şəhərində keçirilən “Reflections of traditional culture in music” adlı Beynəlxalq konfransda şagirdlərinin onun rəhbərliyi altında hazırladığı məruzə-təqdimatları böyük uğur qazanıb və E. P. Pənahova sertifikatlarla təltif olunub.

Muradova Təranə Hüseyn qızı

Xarici əlaqələr üzrə prorektor
Azərbaycan Respublikasının Xalq artisti

Tel: (012) 597-47-16

Muradova Təranə Hüseyn qızı 6 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub. 1974-1983-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində, 1991-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində, 2004-2008-ci illərdə Rusiya Dövlət Sosial Universitetinin Hüqüqşunaslıq ixtisası üzrə təhsil alıb.

1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasəsi kimi fəaliyyətinə başlamış və 1995-ci ilə kimi ifaçı-rəqqasə və solist vəzifələrində,1995-2016-cı illərdə isə baletmeyster vəzifəsində çalışıb.

2000-2015-ci illərdə İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, 2016-ci ildən isə Bakı Xoreoqrafiya Akademiyasında Xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. “Səyyah” uşaq rəqs ansamblının və “Odlar Yurdu” rəqs ansamblının həm direktoru, həm də bədii rəhbəridir.

1998-ci ildə Azərbaycanın Prezidenti ümummilli lider Heydər Əliyev tərəfindən “Xalq artisti” fəxri adına, 1998-2015-ci illədək Prezident Mükafatına, 2016-cı ildən isə Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb. Müxtəlif illərdə və müxtəlif ölkələrdə keçirilən Beynəlxalq Rəqs Festivalları və Müsabiqələrində qalibiyyət qazanmış, 2015-ci il Gürcüstan Mədəniyyət Palatası tərəfindən “Xalqın seçimi”, 2015-ci il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irsimizə dəstək olaq” adlı tədbirdə çıxışına görə diplom, 2017-ci il Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində yorulmaz fəaliyyətinə görə “Fəxri fərman” ilə təltif olunmuşdur.

Ölkəmizin mühüm dövlət və beynəlxalq tədbirlərinin (42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Grand-Prix, Bədii gimnastika üzrə Dünya Çempionatı, Güləş və Boks üzrə çempionatlar və s.) baş quruluşçu baleymeysteri olub. 2019-сu il Moskva şəhərində keçirilən “Спасская башня” adlı 12-ci Beynəlxalq hərbi musiqi festivalında Azərbaycan Milli Ordusunun orkestr və rəqs kollektivinin çıxışının baş quruluşçu-baletmeysteri kimi iştirak etmiş və Azerbaycanın Müdafiə Naziri tərəfindən “Fəxri Fərman” ilə təltif olunub. Eyni zamanda, 12 il xeyriyyəçilik missiyası olan Avstriya-Azərbaycan Cəmiyyətinin sədri olub. Bakı Xoreoqrafiya Akademiyasının dissertantıdır. “Azərbaycan xoreoqrafiya sənətinin milli üslub xüsusiyyətləri” adlı dissertasiyasını müdafiə prosesinə hazırlayır.

O, Bakı Xoreoqrafiya Akademiyasının dosentidir. “Kompozisiya və improvizasiya” fənni üzrə Xoreoqrafiya sənəti ixtisası (050308) (ifaçılıq) proqramının (bakalavr səviyyəsi) və “Rəqs sənəti və onun quruluş xüsusiyyətləri” dərs vəsaitinin müəllifidir.