5296743378592666318

Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan balet sənətinin banilərindən biri, Şərqin ilk balerinası Qəmər Almaszadənin anadan olmasının 111-ci il dönümünə həsr olunmuş, zəngin yaradıcılıq irsinin təbliği məqsədilə xüsusi mədəni tədbir təqdim edir.

10 mart tarixində Akademiyanın Akt zalında böyük sənətkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş “Primanın irsi” adlı sənədli film-konsertin nümayişi keçiriləcək.

Azərbaycan xoreoqrafiya sənətinin inkişafında müstəsna xidmətləri olan Qəmər Almaszadə milli balet məktəbinin formalaşmasında mühüm rol oynamış, peşəkar balet sənətinin Azərbaycanda inkişafına güclü təkan vermişdir. Onun yaradıcılığı yalnız səhnə uğurları ilə məhdudlaşmamış, həm də pedaqoji fəaliyyəti vasitəsilə yeni nəsil balet artistlərinin yetişməsinə xidmət etmişdir.

“Primanın irsi” sənədli filmi məhz bu zəngin yaradıcılıq yolunu, sənətkarın səhnə fəaliyyətini, milli baletin inkişafında oynadığı tarixi rolu və onun yetirmələrinin uğurlarını işıqlandırır. Film tamaşaçılara Azərbaycan balet sənətinin formalaşma mərhələlərini daha yaxından tanımaq imkanı yaradır.

Filmin müəllifi Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Televiziya və Radio QSC-nin solisti, Brüssel Beynəlxalq Xoreoqrafiya Akademiyasının professor-akademiki Samir Səmədovdur.

Layihə Qəmər Almaszadənin sənət məktəbinin davamlılığını nümayiş etdirməklə yanaşı, onun Azərbaycan mədəniyyətində tutduğu tarixi mövqeyi və irsinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Tədbirin keçirilmə tarixi və saatı

📍 Bakı Xoreoqrafiya Akademiyası – Akt zalı
📅 10 mart 2026-cı il
🕛 Saat 12:00

Bu tədbir Qəmər Almaszadənin zəngin yaradıcılıq irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm mədəni təşəbbüslərdən biridir.

Comments are disabled