5397920391335974387

Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi, Azərbaycan SSR xalq artisti Maqsud Davud oğlu Məmmədovun vəfatı xəbəri Bakı Xoreoqrafiya Akademiyasının kollektivi tərəfindən dərin hüzn və böyük kədər hissi ilə qarşılanmışdır.

30 may 1929-cu ildə Gəncə şəhərində anadan olan Maqsud Məmmədov, 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirərək peşəkar səhnə fəaliyyətinə başlamış, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi milli və dünya balet sənətinin ən mürəkkəb və yaddaqalan obrazlarını yüksək ustalıqla canlandırmışdır. Onun ifaçılıq sənəti dərin emosional zənginliyi, texniki kamilliyi və yüksək səhnə mədəniyyəti ilə seçilmişdir.

Sənətkarın yaradıcılığında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində yaratdığı Fərhad obrazı xüsusi yer tutur və milli balet tariximizin ən parlaq səhnə nailiyyətlərindən biri kimi qiymətləndirilir. O, həmçinin klassik və müasir balet repertuarında çoxsaylı obrazları ilə Azərbaycan balet məktəbinin inkişafına əvəzsiz töhfələr vermişdir.

Maqsud Məmmədov yalnız ifaçı kimi deyil, eyni zamanda baletmeyster və pedaqoq kimi də səmərəli fəaliyyət göstərmiş, xüsusilə həyat yoldaşı Azərbaycan SSR xalq artisti Rəfiqə Axundova ilə birgə həyata keçirdiyi səhnə quruluşları ilə milli xoreoqrafiya sənətini daha da zənginləşdirmişdir. Onun yaradıcılığı ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilmiş, beynəlxalq qastrollarda qazandığı uğurlar Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılmasına, milli balet sənətimizin nüfuzunun artmasına və zəngin mədəni irsimizin beynəlxalq səviyyədə təbliğinə mühüm və davamlı töhfələr vermişdir.

Görkəmli sənətkarın çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilmiş, o, “Azərbaycan SSR xalq artisti” fəxri adı ilə yanaşı, “Şöhrət” ordeni və digər yüksək mükafatlara layiq görülmüşdür.

Maqsud Məmmədovun əziz xatirəsi Azərbaycan mədəniyyəti tarixində daim yaşayacaq, onun zəngin sənət irsi gələcək nəsillər üçün örnək olacaqdır.

Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi və kollektivi mərhumun ailəsinə, yaxınlarına, bütün sənət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Comments are disabled