Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi və kollektivi Azərbaycan mədəniyyətinin və milli rəqs sənətinin inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş akademiyanın müəllim-xoreoqrafları – Xalq artisti Yusif Qasımov və Əməkdar müəllim Pellumb Aqalliyayı təbrik edib.
Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə Y. Qasımovu və P. Aqalliyayı bu münasibətlə bütün müəllim kollektivi adından ürəkdən təbrik edib.
Bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasının fəxri olan P. Aqalliyay və Y. Qasımov bu günə qədər göstərdikləri pedaqoji fəaliyyətləri nəticəsində yetişdirdikləri peşəkar rəqqaslar hazırda dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər:
«Onların yetirmələri olan bu gənclər də öz növbələrində müxtəlif rəqs kollektivlərində tələbələr hazırlayır, müəllimlərindən öyrəndikləri bilgiləri öz şagirdlərinə aşılayırlar. Bu illər ərzində Azərbaycan mədəniyyətinin inkişafı yolunda canlarını fəda edən əvəzolunmaz bu simalara dövlət başçısının verdiyi dəyər bizim üçün qürurvericidir».
Sonda Y. Qasımov və P. Aqalliyay BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadəyə onlara göstərdiyi mənəvi dəstək və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.