Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri bir sıra nüfuzlu beynəlxalq festival və müsabiqədə uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.
Moskva şəhərində Rusiya Mədəniyyət Nazirliyi və Moskva Dövlət Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə “Rəqs. Düşüncə. Zaman” Beynəlxalq Xoreoqrafiya Forumu çərçivəsində keçirilən Gənc xoreoqrafların IV Universitetlərarası müsabiqəsində BXA-nın İncəsənət fakültəsinin tələbəsi Abdullayeva Nərgiz müasir rəqs nominasiyası üzrə onlayn formatda iştirak edərək I dərəcəli laureat adına layiq görülüb.
Xiva şəhərində keçirilən “Khiva Art Fest” beynəlxalq incəsənət festivalında akademiyanın orta ixtisas təhsili pilləsinin tələbəsi Xəlilova Gülnarə uğurla çıxış edərək I yerə layiq görülüb.
Eyni zamanda, BXA-nın tam orta təhsil pilləsinin VII sinif şagirdi Nəciyeva Xədicə Pekin şəhərində keçirilən Qızıl Lotos Beynəlxalq Festivalı çərçivəsində “Bulaq başı” rəqsi ilə I yerə layiq görülüb.
Almatı şəhərində keçirilən “ORLEU Türk rəqslərinin sədası” beynəlxalq festivalında isə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan olan rəqs kollektivləri ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının nümayəndə heyəti də uğurla iştirak edib. Akademiyanın tələbələri BXA-nın İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyevin quruluş verdiyi Qarabağ yallısı və “Sarı gəlin” rəqsləri ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıblar.
Festival çərçivəsində Akademiyanın Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova Avrasiya Mədəniyyət Fondu tərəfindən “Əməkdar mədəniyyət xadimi” fəxri adı və medalı ilə təltif olunub.
Beynəlxalq tədbirlərdə əldə olunan uğurları yüksək qiymətləndirən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi müəllim və tələbə heyəti ilə görüş keçirib. Görüş zamanı onların nailiyyətləri xüsusi vurğulanıb, beynəlxalq arenada qazandıqları uğurlar yüksək qiymətləndirilib və iştirakçılar uğurlu çıxışlarına görə sertifikatlarla təltif olunublar.






