Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın müəllim və şagird heyəti iştirak edib. İnsan Hüquqları Gününə həsr edilmiş tədbirdə BXA-nın hüquq məsləhətçisi Tofiq Mustafayev çıxış edərək, iştirakçılara 18 iyun təqvim gününün Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncam əsasında Azərbaycan dövləti tərəfindən hər bir insanın hüquq və azadlıqlarının hərtərəfli qorunması haqda geniş və ətraflı məlumat verib.
O, bildirib ki, insan hüquqları amili hər zaman ümummilli liderimiz Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Tədbirin sonunda şagirdləri İnsan hüquqları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.