Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsili pilləsinin Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələrinin “Dünya Xalqlarının Musiqi Ədəbiyyatı” fənnindən açıq dərsi keçirilib.

Dərsin əvvəlində BXA tələbəsi Mehdiyeva Fizzə “Vyana klassiklərinin yaradıcılığına dair bir nəzər -V.A.Motsart” mövzusu ilə çıxış edib.

Qeyd olunub ki, Avropanın «musiqi paytaxtı» sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Mosart yaradıcılığı klassisizm üslubunun ən parlaq simalarından biridir.

«V.A.Motsartın bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun «yaxın qohumları» sonata və kvartet məhz bu bəstəkarın yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır»,-deyə bildirilib.

Daha sonra digər tələbələr Hüseynzadə Leyla, Əlizadə Nigar, Şıxverdiyeva Nəzrin də çıxış ediblər. Onlar L.V.Bethovenin musiqi sənətinin inkişafında olan böyük rolundan və özünəməxsus obrazlar aləmi, fərdi dəst-xətti ilə seçilməsindən, F.Şubertin mahnı yaradıcılığında əvəzedilməz rolundan, eləcə də, F.Şopenin fortepiano sahəsində göstərdiyi yüksək xidmətlərdən bəhs ediblər.