Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə akademiyanın müəllim-şagird heyəti və tələbələri iştirak edib.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca isə akademiyanın tam orta təhsil pilləsinin şagirdləri tərəfindən ədəbi dilimizin poetik incəliklərini özündə təcəssüm etdirən şeir nümunələri səsləndirilib, görkəmli Azərbaycan şairləri: Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmmədhüseyn Şəhriyarın obrazları timsalında səhnəciklər, eləcə də, milli və klassik rəqs kompozisiyaları nümayiş olunub.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin Ana dilimizlə bağlı səsləndirdiyi dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
Qeyd olunub ki, dil xalqın simasını səciyyələndirən mühüm amillərindən biridir:
«Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, ictimaiyyətlə ünsiyyət qurmasında mühüm faktordur. Dil xalqın varlığının təzahürü və qan yaddaşıdır».
Vurğulanıb ki, dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır və tərəqqi edir.
Tədbirdə dilimizin zənginliyinə dair Azərbaycanın mütəfəkkir alim və ədiblərinin kəlamlarından sitatlar gətirilib. Sonda isə Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi nümayiş edilib.