WiFOsTa1Pk2KIsQVZvFy 1773388137

12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Ramazan və Novruz bayramları münasibətilə bayram konserti təşkil olunub.  

Tədbirin əsas məqsədi sosial xidmət müəssisəsində yaşayan ahıl şəxslərə diqqət və qayğının göstərilməsi, onların sosial və mənəvi rifahının dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili və bayram ab-havasının onlarla bölüşülməsi olub. Eyni zamanda, tədbir milli-mənəvi dəyərlərin, Azərbaycan musiqi və rəqs ənənələrinin təbliği, gənc nəslin yaşlı nəslə hörmət və ehtiram ruhunda formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu kimi mədəni tədbirlərin keçirilməsi cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyin gücləndirilməsi, ahıl insanların cəmiyyət həyatından təcrid olunmamasına dəstək göstərilməsi və onların mənəvi-psixoloji durumunun yaxşılaşdırılması məqsədi daşıyır.

Konsert proqramı çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələrinin ifasında zəngin və rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Proqramda müəllim xoreoqraflar, əməkdar artistlər Elçin Allahverdov və Tamilla Əliyevanın quruluşunda orta ixtisas təhsil pilləsinin rəqs müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin ifasında müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. Eyni zamanda, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, xanəndə Əhsən Əhmədov və müğənni Humay Babazadənin ifasında bayram ovqatlı mahnılar səsləndirilib, akademiyanın “Bakının ulduzları” ansamblı və Xalq çalğı alətləri orkestri tərəfindən milli musiqi nümunələri və xalq oyun havaları təqdim olunub. Təqdim olunan çıxışlar milli musiqi və rəqs elementləri ilə zəngin repertuarı əhatə edərək tamaşaçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Qeyd edək ki, “Bakının ulduzları” ansamblının bədii rəhbəri akademiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynli,  xalq çalğı alətləri orkestrinin dirijoru isə orta ixtisas təhsil pilləsinin müəllimi Fatma İmanovadır.

Tədbir müəssisənin sakinləri tərəfindən böyük maraq və səmimi alqışlarla qarşılanıb. Konsert proqramı iştirakçılara xoş və yaddaqalan anlar yaşadıb, ahıl şəxslərin bayram sevincini bölüşmək üçün əlverişli imkan yaradıb.

Sonda sosial xidmət müəssisəsinin sakinlərinə bayram münasibətilə sovqatlar təqdim olunub. Bu təşəbbüs ahıl insanlara göstərilən diqqət və qayğının ifadəsi olmaqla yanaşı, onların cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu bir daha nümayiş etdirib.

Comments are disabled