Muradova Təranə Hüseyn qızı
Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, dosent
Qısa bioqrafik məlumat
Doğum yeri və tarixi:
Azərbaycan, Bakı. 06. 08. 1965
Təhsili:
1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirib. 2004-2008-ci illərdə Rusiya Dövlət Sosial universitetində Hüquqşünaslıq fakültəsində təhsil alıb. 2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasının doktorantıdır və “Azərbaycan xoreoqrafiya sənətinin milli üslub xüsusiyyətləri” adlı mövzu üzərində işləyir.
Əmək fəaliyyəti:
1982-2016-cı illərdə Azərbaycan Akademik Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, solist, baletmeyster kimi çalışıb. 2000-2015-ci illərdə Azərbaycan Respublika İncəsənət Gimnaziyasının şöbə müdiri, 2016-cı ildən Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru təyin edilib. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. “Səyyah” uşaq rəqs ansamblının və “Odlar Yurdu Folklyor” rəqs ansamblının həm direktoru, həm də bədii rəhbəridir. Çalışdığı illər ərzində repertuarında Azərbaycan milli rəqslərini ifa etməklə yanaşı dünya xalq rəqsləridə böyük yer tutur və eyni zamanda yüksək səviyyədə təşkil olunmuş dövlət tədbilərində, dünya şöhrətli səhnələrdə xoreoqrafiya sənətini layiqincə təmsil edib.
Mükafat və təltifləri:
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 1998-2015-ci illərədək Prezident mükafatçısı olub. 2016-cı ildən Prezident təqaüdçüsüdür. Respublika və Beynəlxalq müsabiqələr və festivallar laureatıdır. Respublika və beynəlxalq rəqs müsabiqələrinin münsiflər heyətinin üzvüdür. 2015-ci ildə Gürcüstan Mədəniyyət Palatası tərəfindən “Xalqın seçimi” adı ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irsimizə dəstək olaq” adlı tədbirdə çıxışına görə diplom ilə təltif olunub. 2017-ci ildə Bursa şəhərində təşkil olunan “56-cı Beynəlxalq Bursa Festivalının 31-ci Uluslararası Altın Karagöz Halk Dansları Yarışması”-da münsiflər heyətinə üzvü olduğu üçün “Təşəkkürnamə” ilə təltif olunub. 2017-ci ildə Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində yorulmaz fəaliyyətimə görə “Fəxri fərman” ilə təltif olunub.
2019-сu il- Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Спасская башня” adlı 12-ci Beynəlxalq hərbi musiqi festivalında Azərbaycan Milli Ordusunun orkestr və rəqs kollektivinin çıxışının baş quruluşçu-baletmeysteri kimi iştirak etmiş və Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən “Fəxri Fərman” ilə təltif olunub. Bakı Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis edilmiş XXVII Humay Milli Mükafatına layiq görülüb.
Bir neçə respublika və beynəlxalq müsabiqə, eləcə də festivallarda münsiflər heyətinin üzvü və bədii rəhbəri və baş baletmeysteri olub