Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının qala konserti və qaliblərin mükafatlandırma mərasimi baş tutub.
Festival çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbələri uğurlu çıxışları ilə fərqləniblər. Akademiyanın tələbələri tərəfindən ifa olunan “Qaytağı” rəqsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb.
Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbəsi Məryəm Bağırova festivalın Milli rəqs (solo) nominasiyası üzrə həvəskar kateqoriyasında I yerin qalibi olub. Onun səhnə mədəniyyəti, texniki hazırlığı və milli rəqs ənənələrini peşəkar şəkildə təqdim etməsi münsiflər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və milli-mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı Xoreoqrafiya Akademiyası əldə olunan bu nailiyyətləri tələbələrin əzmi, müəllimlərin peşəkarlığı və akademiyada yaradılan yaradıcı mühitin nəticəsi kimi qiymətləndirir və qalibləri təbrik edir.
Daha ətraflı:
https://share.google/fN6ltuER8xoT6l8Ot


