Bakı Xoreoqrafiya Akademiyasının (BXA) nümayəndə heyəti — Xarici əlaqələr üzrə prorektor, Xalq artisti, dosent Təranə Muradova və Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, eləcə də akademiyanın tələbələri Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Vətən Müharibəsinin Qələbəsinin 80 illiyinə həsr olunmuş Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsinə qatılıb.
Müsabiqə çərçivəsində Xalq artisti Təranə Muradova Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirib.
Ustad dərslərində MDB ölkələrinin: Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarusun müəllim-tələbə heyəti iştirak edib. Dərslər çərçivəsində T. Muradova Azərbaycan xalq rəqsləri barədə məlumat verib, milli rəqslərimizə məxsus hərəkətləri icra edib. Xalq artisti ustad dərsləri çərçivəsində Rəvza Bağlanova adına Qazaxkonsert Dövlət Konsert Təşkilatının tərkibindəki “Gülder” ansamblının baş baletmeysteri Sadıxova Anvara tərəfindən ansambla Azərbaycan milli rəqslərindən birini öyrətmək məqsədilə dəvət olunub.
O, “Uzundərə” rəqsini ansambl üzvlərinə tədris edib, rəqs onların da ifasında nümayiş olunub. Ustad dərsləri böyük maraqla qarşılanıb. T. Muradova «Azərbaycan milli rəqsi» adlı ustad dərsinə və Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsində rəhbər kimi iştirakına görə mükafatla təltif edilib.
Eyni zamanda, professor Lyudmila Həsənova və Xalq artisti Təranə Muradova festival-müsabiqə daxilində təşkil olunmuş dəyirmi masada iştirak edib.
Dəyirmi masa ətrafında çıxış edən professor Lyudmila Həsənova BXA-nın yaranma tarixi, fəaliyyəti, yerli və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, akademiyada tədris olunan dərslər və metodika üsullarını qonaqların diqqətinə çatdırıb. L. Həsənova “Bakı Xoreoqrafiya Akademiyasının nailiyyətləri” adlı təqdimatla çıxış edib.
Həmçinin, akademiyanın heyəti müsabiqə çərçivəsində MDB ölkələrinin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirib. Görüş BXA-nın gələcək beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni birgə layihələri əhatə edib.
MDB ölkələrinin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festival-müsabiqəyə qatılan tələbələrimiz də böyük uğurla çıxış edib. Tələbələrimizdən biri Xəyal Pənahov “Ən yaxşı ifa (ansambl)” mükafatına layiq görülüb. Xatırladaq ki, Lyudmila Həsənova sözügedən müsabiqədə münsiflər heyətinin üzvü olub.