Qəmər Almaszadə 21 04 2025 12 14 52 Nero AI Image Upscaler Photo Face Nero AI Photo Restoration descratch colorize fb 1

Bakı Xoreoqrafiya Akademiyasının müəllim, şagird və tələbə heyəti Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi, milli balet məktəbinin banilərindən biri, ilk azərbaycanlı qadın balet ustası, Xalq artisti Qəmər Almaszadənin xatirəsini ehtiramla yad etmək məqsədilə Fəxri Xiyabana ziyarət təşkil edib.

Ziyarət çərçivəsində akademiyanın rəhbərliyi, pedaqoji kollektivi, şagird və tələbələri böyük sənətkarın məzarı önünə gül dəstələri qoyaraq onun Azərbaycan mədəniyyətinə və balet sənətinin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiram hissi ilə anıblar. Tədbir zamanı vurğulanıb ki, Qəmər Almaszadə Azərbaycan balet məktəbinin formalaşmasında və inkişafında müstəsna rol oynamış, milli xoreoqrafiya sənətinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfələr vermişdir.

Qeyd edilib ki, onun zəngin yaradıcılıq irsi və pedaqoji fəaliyyəti bu gün də Azərbaycan balet sənətinin inkişafına xidmət edir. Qəmər Almaszadə yalnız böyük səhnə ustası kimi deyil, həm də peşəkar balet təhsilinin formalaşdırılmasında mühüm rol oynamış görkəmli pedaqoq kimi yadda qalmışdır. Onun yetişdirdiyi sənətkarlar Azərbaycan baletinin müxtəlif nəsillərini formalaşdıraraq milli xoreoqrafiya məktəbinin davamlı inkişafına töhfə veriblər.

Bakı Xoreoqrafiya Akademiyasının kollektivi üçün Qəmər Almaszadənin irsi xüsusi əhəmiyyət daşıyır. Akademiyanın pedaqoji və yaradıcılıq fəaliyyətində onun formalaşdırdığı peşəkar ənənələr, sənətə yüksək məsuliyyət və sədaqət prinsipləri əsas istiqamət kimi qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

Fəxri Xiyabana edilən bu ziyarət Azərbaycan balet sənətinin böyük nümayəndəsinin xatirəsinə göstərilən ehtiramın, eyni zamanda milli xoreoqrafiya sənətinin inkişafına xidmət edən ənənələrin yaşadılmasının bariz nümunəsidir. Bakı Xoreoqrafiya Akademiyasının kollektivi bundan sonra da görkəmli sənətkarın zəngin irsinin təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Videoçarx linkdə:
https://www.youtube.com/shorts/k8LOkcn7znI

Comments are disabled