Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Xarı bülbül” rəqs müsabiqəsinin qalibləri Təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.
Mükafatlandırma mərasimində BXA-nın rəhbərliyi, müəllim və tələbə-şagird heyəti iştirak edib.
Öncə “Xarı bülbül” rəqs müsabiqəsinin münsiflər heyəti – Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, Baletmeyster kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lyudmila Həsənova, Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə, Xalq artisti Yusif Qasımov, Əməkdar müəllim Pellumb Aqalliyay, Əməkdar mədəniyyət işçisi Yelena Çernousova, BXA-nın tam orta təhsil pilləsinin direktor müavini Kamilə Əliyeva və Xalq artisti Gülağası Mirzəyev Təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.
Daha sonra müsabiqədə uğur qazanan BXA-nın tam orta təhsil, orta ixtisas təhsili, bakalavriat pillələrinin qaliblərinə klassik, milli, eləcə də müasir rəqs üzrə ifa etdikləri kompozisiyalarına görə tutduqları I, II, III yerlər üzrə Təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Təltifetmə mərasimi qaliblərin konsert proqramı ilə sona çatıb.
Konsert proqramında I, II və III yerlər üzrə qərarlaşan şagird və tələbələr müsabiqədə uğurla nümayiş etdirdikləri rəqs kompozisiyalarını yenidən ifa ediblər.
Təqdim olunan lirik, modern, milli rəqslər sırasında “Dünya”, “Qələbə”, “Qarabağ Azərbaycandır”, “İnam”, “Süzən qızlar”, “Romantik qız”, “Şərq şahzadəsi”, “İgidlər”, “Xarı bülbülün sevinci” və “Yuxu” kimi rəqs kompozisiyaları iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.