Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, şəhid ailələri və müharibə veteranları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qalib Ordumuzun şücaəti ilə torpaqlarımız Ermənistan terrorçularının işağalından azad olunub:
«Azərbaycan hərbçiləri Zəfər Gününü tariximizin ən şərəfli səhifəsinə yazaraq, faşist, terror, vandalizm ideologiyasını təbliğ edən Ermənistanın 30 illik işğalına son qoyub».
Vurğulanıb ki, Zəfər Gününə həsr olunmuş tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun şanlı qələbələri fonunda xalqa müraciəti videorolik şəklində nümayiş edilib.
Tədbirdə İncəsənət fakültəsinin tələbə və müəllimlərinin ifasında rəqs kompozisiyaları, musiqi nömrələri, “Qarabağ” və “Azərbaycan” mahnıları təqdim edilib.
Sonra Şəhid anaları: Fərid Ələkbərovun anası Şükufə xanım, Murad Nağıyevin anası Xavər xanım, Məmmədağa Səfərovun anası Rəna xanım, Nicat Tarıverdiyevin anası Şükran xanım, Rauf Əliyev anası Xavər xanım çıxış edərək övladlarının simasında şəhid və qəhrəman hərbçilərimizin şücaətlərindən bəhs ediblər.
Sonda isə BXA-nın adından şəhid ailələrinə, müharibə veteranlarına, akademiyada təhsil alan şəhid övladlarına, eləcə də akademiyanın Vətən müharibəsində iştirak edən tələbə və məzunlarına hədiyyələr təqdim olunub və onlarla xatirə şəkilləri çəkilib.
Eyni zamanda, BXA-nın Kitabxana- informasiya mərkəzi tərəfindən Zəfər Gününə həsr olunmuş sərgi nümayiş edilib.