Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və qazilərimiz, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan ehtiyatda olan polkovnik Xətai Baxışov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik- leytenant Emin Əliyev və “İyirmi Yanvar” ictimai birliyinin sədri, ehtiyatda olan hərbçi Sultan Əzimzadə iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ədəbi və bədii hissədən təşkil olunmuş tədbirdə BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında “Ana” və “Şuşa” rəqsləri, eləcə də, “Azərbaycandır Qarabağ!”, “Əsgərim”, “Bayraq” və digər şeirlər səsləndirilib.

Tədbirin sonunda ehtiyyatda olan hərbçilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən haqq savaşında qazanılan qələbədən, qəhrəman əsgərlərin göstərdiyi şücaətdən geniş söhbət açıblar.

Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan hərbçilərimizlə hər zaman qürur hissi duyulduğu xüsusi qeyd edilib.

Tədbir çərçivəsində BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə tərəfindən vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması istiqamətində aparılan maarifləndirici tədbirlərin keçirilməsində iştirakına görə tədbirdə iştirak edən hərbçilərimizə Təşəkkürnamə təqdim edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.