Bakı Xoreoqrafiya Akademiyasında tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələri üzrə keçirilən Zəfər Gününə həsr edilmiş “Xarı bülbül” rəqs müsabiqəsinin seçim turunun nəticələri bəlli olub.
“Xarı bülbül” rəqs müsabiqəsi təşkilat komitəsinin sədri Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, sədr müavini elmi katib, dosent Həbibə Məmmədova, təşkilat komitəsinin üzvləri; İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, Klassik rəqs kafedrasının müdiri Mayra Almaszadə və tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyeva təyin olunub.
Zəfər Gününə həsr edilmiş müsabiqənin özəlliklərindən biri də tam orta təhsil pilləsinin və orta ixtisas təhsili pilləsinin iştirakçıları tərəfindən təqdim edilən bütün rəqslərin quruluşu həmin rəqs kompozisiyalarını təqdim edən şagird və tələbələr tərəfindən verilib. Eyni zamanda, bakalavr pillələrinin tələbələrinin ifasında nümayiş etdirilən rəqs nömrələrinin də quruluşunun əksər qismi ifaçı tələbələr tərəfindən qoyulub.
Müsabiqə ərzində münsiflər heyətinin üzvləri hər çıxış sonrası şagird və tələbələrə öz tövsiyə və iradlarını bildiriblər.
Müsabiqə qaliblərinə milli, klassik və müasir rəqs üzrə I,II,III yerlər, eləcə də, “Simpatiya”, “Xarı bülbül” və “Münsiflər” mükafatı təqdim olunub.
BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında I yerin qalibləri klassik rəqs üzrə “Lirik rəqs”, milli rəqs üzrə “Qaytağı”, müasir rəqs üzrə isə “Cadugər” rəqsləri olub. II yerə klassik rəqs üzrə “Ruhun valsı”, milli rəqs üzrə “Biz gəlirik”, müasir rəqs üzrə isə “Azadlıq anı” layiq görülüb. III yerdə klassik rəqs üzrə “Zəfər gülü”, milli rəqs üzrə “Zəfər rəqsi”, müasir rəqs üzrə “Xarı bülübül” rəqsləri qərarlaşıb. Tam orta təhsil pilləsinin şagirdlərinin ifasında təqdim edilən “Qarabağ Azərbaycandır” rəqsi “Münsiflər”, “Acaruli” və “Kəpənək” rəqsləri isə “Xarı bülbül” mükafatına layiq görülüb.
Orta ixtisas təhsili pilləsi üzrə təhsil alan tələbələrin təqdimatında olan “İgidlər” rəqsi I yerdə, “Qələbə” rəqsi II yerdə, “Odlar Yurdu” rəqsi III yerdə qərarlaşıb. Tələbələrin ifasında “Bu gecə” rəqsi “Münsiflər”, “Hardasan” rəqsi “Simpatiya”, “Qarabağ Azərbaycandır” rəqsi isə “Xarı bülbül” mükafatı qazanıb.
Bakalavr təhsil pilləsinin tələbələri tərəfindən təqdim edilən “Qartal” rəqsi I, “Küçələrə su səpmişəm” xalq rəqsi II, “Qaval” rəqsi isə III yerdə seçilib.
“Pasodobl flamenko” rəqsi “Simpatiya”, “Hardasan” rəqsi isə “Münsiflər” mükafatına layiq görülüb.