Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!
Yaz semestrinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yüksək nailiyyətlər arzulayıram.
Bakı Xoreoqrafiya Akademiyası ölkəmizdə xoreoqrafiya sənətinin elmi-nəzəri və praktiki əsaslarla inkişaf etdirilməsində, milli rəqs irsinin qorunması və beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayan aparıcı ali təhsil müəssisəsidir. Akademiyanın çoxillik ənənələri, zəngin pedaqoji təcrübəsi və yaradıcılıq mühiti bu təhsil ocağını mədəniyyət və incəsənət sahəsində xüsusi mövqeyə yüksəltmişdir.
Yaz sessiyası hər bir tələbə üçün qazandığı bilik və bacarıqları nümayiş etdirmək, yaradıcılıq potensialını və səhnə mədəniyyətini daha da təkmilləşdirmək baxımından mühüm mərhələdir. Eyni zamanda bu dövr professor-müəllim heyəti üçün pedaqoji fəaliyyətin nəticələrinin qiymətləndirilməsi, elmi-metodiki işin dərinləşdirilməsi və tədris prosesinin keyfiyyət göstəricilərinin artırılması baxımından məsuliyyətli və əhəmiyyətli bir mərhələdir.
Əziz tələbələr!
Seçdiyiniz sənət yolu yüksək peşəkarlıq, intizam, davamlı özünüinkişaf və milli-mənəvi dəyərlərə sədaqət tələb edir. Xoreoqrafiya sənəti yalnız fiziki hazırlıq və texniki bacarıq deyil, eyni zamanda dərin estetik düşüncə, musiqi duyumu, səhnə mədəniyyəti və kollektivlə işləmək bacarığı deməkdir. Sizdən gözləntimiz əldə etdiyiniz nəzəri bilikləri praktiki fəaliyyətlə uzlaşdırmaq, klassik və milli xoreoqrafiya məktəbinin ənənələrinə hörmətlə yanaşmaq, müəllimlərinizin tövsiyələrini məsuliyyətlə yerinə yetirmək və daim yaradıcılıq axtarışında olmaqdır.
Hörmətli professor-müəllim heyəti!
Sizin yüksək ixtisaslı və fədakar fəaliyyətiniz tələbələrin peşəkar formalaşmasında həlledici rol oynayır. Elmi-metodiki yeniliklərin tətbiqi, pedaqoji ustalığın təkmilləşdirilməsi və tələbələrə fərdi yanaşma Akademiyanın uğurlarının əsas təminatıdır.
Əminəm ki, Akademiyanın professor-müəllim heyətinin rəhbərliyi altında tələbələrimiz imtahan və yaradıcılıq hesabatlarını uğurla başa vuracaq, milli və dünya xoreoqrafiya sənətinin ənənələrinə sadiq qalaraq yeni nailiyyətlərə imza atacaqlar.
Sizə möhkəm cansağlığı, yaradıcılıq ilhamı və fəaliyyətinizdə davamlı uğurlar arzulayır, yaz sessiyasının hər biriniz üçün məhsuldar və yaddaqalan olmasını diləyirəm.
Hörmətlə,
Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru,
rektor vəzifəsini icra edən, Azərbaycan Respublikasının əməkdar artisti
Nailə Məmməd-Zadə

