Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” mövzusunda tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tam orta təhsil pilləsinin şagirdləri Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə elm, təhsil, mədəniyyət və ordu quruculuğunun inkişafında, həmçinin idarəçilikdə, milli kadrların yetişdirilməsi uğrunda həyata keçirdiyi yeniliklər, eləcə də iqtisadi, neft strategiyası, qeyri-neft sektorunun tərəqqisində və ən nəhayət, Azərbaycan balet sənətində Heydər Əliyevin misilsiz rolundan bəhs edən mühazirələrlə çıxış ediblər.
Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb:
«Müstəsna xidmətləri ilə əbədilik qazanan H. Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi bizim üçün ibrət məktəbidir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir və onun adı ölkə hüdudlarından kənarda da ehtiram hissi ilə anılır».
Bir daha vurğulanıb ki, məhz Heydər Əliyevin incəsənətə, ələlxüsus, milli xoreoqrafiyaya, rəqslərə verdiyi böyük dəyərin nəticəsində 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblı yaradılıb. Azərbaycan rəqs sənətinin daşıyıcılarına böyük diqqət və qayğı göstərilib. Məhz onun təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə bina inşa edilib. H. Əliyev irsini yaşadan və inkişaf etdirən dövlət başçımız İlham Əliyev tərəfindən 2014-cü ildə verdiyi sərəncama əsasən Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.
Tədbir çərçivəsində qüdrətli Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyi uğrunda əzmlə çalışan ümummilli lider H. Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Şagirdlərin ifasında nümayiş etdirilən rəqs kompozisiyaları və Ulu Öndərə ithaf olunmuş şeir nümunələri tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.