Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Oqtay Zülfüqarovun əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti ilə yanaşı, incəsənət nümayəndələri və qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Tədbir çərçivəsində Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyi uğrunda əzmlə çalışan Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, həyatının müxtəlif dövrlərini, mədəniyyət nümayəndələri ilə görüşlərini əks etdirən fotokadrlar nümayiş olunub.
Sonra Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda milli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi, elm və incəsənət adamlarına göstərilən qayğısından söz açıb.
Daha sonra tam orta təhsil pilləsinin şagirdlərinin ifasında Oqtay Zülfüqarovun uşaqlar üçün bəstələdiyi mahnı və musiqi kompozisiyaları təqdim edilib.
Şagirdlərin fortepianoda ifa etdikləri “Maşınımı sürürəm”, “Sərçə”, “Lay lay”, “Melodiya”, “Təbəssüm”, ”Elegiya” kompozisiyaları, “Gözəl vətən”, “İdman”, “Yol”, “Mən kiməm?”, “Şənlən, mənim xalqım” və digər mahnı, eləcə də musiqi çələngi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda B.Hüseynova vurğulayıb ki, O. Zülfüqarovun uşaqlar üçün bəstələdiyi mahnı kitablarından tam orta təhsil pilləsinin şagirdlərinə hədiyyə edilib.
Qeyd edək ki, konsertin bədii rəhbəri BXA-nın tam orta təhsil pilləsinin konsertmeyster-müəllimi, İncəsənət fakültəsinin Musiqi sənəti kafedrasının baş müəllimi Sevda Axundovadır.