Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan xoreoqrafiya sənətinin görkəmli simalarından biri, Əməkdar artisti, Prezident mükafatçısı Tamilla Məmmədova ilə görüş keçirilib.
Görüşdə BXA-nın rəhbərliyi, müəllim heyəti və Əməkdar artistin yetirmələri iştirak edib.
Öncə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə Tamilla Məmmədovanı salamlayaraq, onu Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsi münasibətilə təbrik edib.
Daha sonra BXA-nın müəllim heyəti və T. Məmmədovanın yetirmələri Əməkdar artistin yaradıcılığından, keçdiyi həyat yolundan danışıb və onunla birlikdə olan xatirələrini bölüşüblər.
T. Məmmədova da öz növbəsində çıxış edərək səhnəyə gəldiyi ilk günləri xatırlayıb. O, Azərbaycanın ilk balerinası, milli kadrların yetişməsində əvəzolunmaz xidmətləri olan, Xalq artisti Qəmər Almaszadənin unudulmaz xatirəsini anaraq, bir daha bu görüşün təşkil olunmasına görə hamıya təşəkkürünü bildirib.
Görüşün sonunda T. Məmmədovaya gül dəstəsi və akademiyanın adından simvolik hədiyyə təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.