Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Qisası alınmış Xocalı” adlı tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycan Hərbi prokurorluğu Xüsusi İstintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Tağıyev, Millət vəkili Aqil Abbas, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı, DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və Xocalı nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ədəbi və bədii hissədən ibarət olan tədbirdə “Xudayar təsnifi”, Xocalı şəhidlərinə ithaf edilmiş rəqs kompozisiyaları nümayiş olunub və Xocalıda dinc əhaliyə tutulmuş divanın ağır nəticələri haqqında məlumatlar verilib.
Qeyd edilib ki, Azərbaycanın Milli Qəhrəmanı, hərbi müxbir Çingiz Mustafayevin kamerasının yaddaşına çəkdiyi videomateriallar əsasında erməni vandalizminin törətdiyi Xocalı soyqırımının görüntüləri dünya ictimaiyyətinə çatdırılıb.
Həmçinin, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun göstərdiyi igidlik nəticəsində yüzlərlə Xocalı əsirinin ermənilərin əlindən xilas edilməsi, işğalçı qüvvənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi vurğulanıb.
Tədbirdə nümayiş etdirilən slaydda Xocalı şəhərinin işğal edilməsi, Xocalı sakinlərinin Bakıya sürgün edilməsi öz əksini tapıb. Slaydın sonunda 44 günlük müharibəni qələbə əzmi ilə başa vurmuş Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məğrur və mübariz çıxışı: “Şəhidlərimizin qanı yerdə qalmadı!” qeyd olunub.
Eyni zamanda, tədbirdə Azərbaycan Hərbi prokurorluğu Xüsusi İstintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Tağıyev və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı Aynur Bağırova çıxış edərək Xocalı soyqırımı barədə həqiqətləri bir daha çatdırıb, Allahdan şəhidlərimizə rəhmət diləyiblər.