Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə “Biz sağlam həyat tərzini seçirik! Gəncliyimizi və gələcəyimizi qoruyaq” mövzusunda QİÇS və narkomaniyaya qarşı maarifləndirici seminar keçirilib.
Seminarda BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti ilə yanaşı, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova da iştirak edib.
D.Mahmudova seminar iştirakçılarına İİV infeksiyası nədir və hansı ötürülmə yolları var? QİÇS nədir? Virusa kimlər yoluxur? Bu xəstəliyin müalicə üsulları hansılardır? Virusa yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır? və s. kimi suallara cavab verən aktual məsələlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, İİV infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.
Tədbir çərçivəsində ictimaiyyət üzvlərini və yeniyetmələri zərərli vərdişlərdən çəkindirmək məqsədi ilə DİN, Azərbaycan televiziyası və digər qurumların birgə təşəbbüsü ilə hazırlanmış sosial çarx nümayiş olunub.
Seminarın sonunda tədbir iştirakçılarına Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olunub.
Qeyd edək ki, tədbirin təşkilində BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanovun xüsusi rolu olub.




