Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Novruz bayramının tarixi keçmişi haqqında məlumat verilib və xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramının bolluq və bərəkət rəmzi olduğu qeyd edilib.
Daha sonra tədbir İncəsənət fakültəsinin tələbələrinin təqdimatında bayram konserti proqramı ilə davam etdirilib.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Eyni zamanda, BXA-nın müəllimi, Musiqi fənləri kafedrasının müdiri Əhsən Əhmədovun ifasında «Üç gül», «Yaşa Azərbaycan» və akademiyanın əməkdaşı Humay Babazadənin ifasında «Durnalar» mahnıları ifa olunub.
Konsert proqramında bakalavr pilləsinin tələbələrinin ifasında «Cəngi», «Qazağı», «Yallı» və s. rəqs kompozisiyaları, eləcə də akademiyanın İncəsənət fakültəsinin nəzdində fəaliyyət göstərən “Bakının ulduzları” instrumental ansamblının müşayiəti altında Azərbaycan musiqilərindən ibarət muğam və xalq mahnıları təqdim edilib.
Sonda akademiyanın rəhbərliyi bayram münasibətilə hər kəsi təbrik edib, hamıya can sağlığı, firavan həyat və ruzi-bərəkət arzulayıblar.
Qeyd edək ki, konsertin bədii rəhbəri dosent, fəlsəfə elmləri doktoru Lalə Hüseynlidir.