Ural Xoreoqrafiya Kollecinin müasir rəqs və balet gimnastikası üzrə müəllimi Kseniya Xomutova Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsləri keçirib.
Öncə Kseniya Xomutova ilə BXA-nın rəhbərliyi arasında dostluq görüşü keçirilib. Görüşdə Xomutovaya akademiyanın təhsil pillələri, dərs prosesi, beynəlxalq müqavilələr və spesifik dərslərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib. Eyni zamanda, qonaqla müasir rəqs və balet gimnastikasında tətbiq olunan yeniliklər, eləcə də xoreoqfiya sahəsi barədə fikir mübadiləsi aparıb.
Sonra Kseniya Xomutova tərəfindən BXA-nın tam orta təhsil , orta ixtisas təhsil və bakalavr pillələrinin şagird və tələbələrinə müasir rəqs və balet gimnastikası üzrə ustad dərsləri keçirilib.
Daha sonra isə Kseniya Xomutova və BXA-nın müəllimləri arasında nəzəri görüş olub. Görüşdə müasir rəqs, klassik rəqs və balet gimnastikası ixtisas fənləri üzrə rəqs elementlərinin düzgün formada icrası müzakirə olunub.