Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) Bakı Xoreoqrafiya Akademiyasında donorluq mədəniyyətinin formalaşdırılması və bu sahədəki tibbi-hüquqi yeniliklər barədə maarifləndirici tədbir keçirib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, müəllim-tələbə heyəti, ODTKM-in İdarə Heyəti sədrinin müavini Günay Abbasova, Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva iştirak edib.
Tədbirdə mövzunun aktuallığı vurğulanaraq, orqan ianəsinin ən ali humanist dəyərlərdən biri olduğu bildirilib.
Həmçinin məsələnin institusional və qanunvericilik tərəflərinə aydınlıq gətirilib.
Qeyd edilib ki, donorluq və transplantasiya sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi davamlı xarakter daşıyır:
«Prosesin hər bir mərhələsində dövlət nəzarətinin olması və etik normaların qorunması vətəndaşların bu sahəyə olan inamının əsas sütunudur. Cəmiyyətdə ölümündən sonra orqan bağışlama mədəniyyətinin formalaşdırılması prioritet hədəfdir. Bizim əsas missiyamız cəmiyyətdə orqan bağışlama mədəniyyətini təşviq etməkdir. Bu humanist addım minlərlə çarəsiz insanın həyatda qalma şansını artıran ən böyük xidmətdir».
Görüşdə donorluğun tamamilə könüllülük prinsipi əsasında həyata keçirildiyi, hər bir şəxsin öz iradəsi ilə donor ola və istədiyi vaxt bu qərardan imtina edə biləcəyi xüsusi vurğulanıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

