Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin Baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənovanın “Klassik rəqs üzrə metodiki tədris vəsaiti və proqramı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində BXA-nın rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.
Mərasimdə bildirilib ki, dərs vəsaiti xoreoqrafiya ixtisasları üzrə təhsil alan tələbələr: bakalavrlar, magistrantlar, eləcə də, müəllimlər üçün nəzərdə tutulsa da, eyni zamanda, həvəskar rəqs sevənlər üçün də böyük maraq doğuracaq.
«Dərslik geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir. «Klassik rəqs üzrə metodiki tədris vəsaiti və proqramı” xoreoqrafiya sahəsində kifayət qədər sanballı nəşr hesab oluna bilər. Həm tələbələrin, həm də müəllimlərin yararlanacağı dərslik xoreoqrafiya sənətinin incəlikləri və spesifik xüsusiyyətləri barədə ətraflı anlayış yaradır»,-deyə qeyd olunub.
Sonda kitabın müəllifi professor Lyudmila Həsənova da dərs vəsaiti haqqında ətraflı məlumat verib.
Təqdimat çərçivəsində akademiyanın müəllim-tələbə və şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.