Bakı Xoreoqrafiya Akademiyasında Zəfər Gününə həsr edilmiş III Xarı bülbül rəqs müsabiqəsinə start verilib. Rəqs müsabiqəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xarı bülbül” rəqs müsabiqəsinin seçim turu üzrə münsiflər heyəti BXA-nın rəhbərliyi və müəllimlərindən təşkil olunub. Müsabiqəsinin başlanğıc mərhələsində BXA-nın tam orta təhsil və orta ixtisas təhsili pillələrinin xalq və klassika bölmələri üzrə təhsil alan şagirdləri və tələbəsi iştirak edib.
I mərhələdə 24 nömrədən ibarət rəqs kompozisiyası təqdim edilib. Rəqs müsabiqəsində “Qələbə”, “Çobanlar”, “Modern”, “Ağ çiçəyim”, “Zəfər yallısı”, “Qarabağ”, “Şuşam”, “Qaval rəqsi”, “Sarı gəlin”, “Əsgər”, “Şənlik”, “Tənhalıq” və s. rəqs nümunələri ifa edilib.
Tələbə və şagirdlərin quruluşunda hazırlanan və nümayiş edilən rəqs kompozisiyaları onların yaradıcılıq imkanlarının üzə çıxarılmasında və gələcək müstəqil yaradıcılıq fəaliyyətlərində mühüm rol oynayır.
Müsabiqə ərzində münsiflər heyətinin üzvləri tələbə və şagirdlərə öz irad və tövsiyələrini bildirib.