Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəhla Əliyeva, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov, İctimai fənlər kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Elnurə Kazımzadə, Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədov, BXA-nın elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova, orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev və akademiyanın tələbə-müəllim heyəti iştirak edib.

Tədbirdə Rafiq Sadıxov “Cavid və teatr”, Həbibə Məmmədova “Azərbaycan musiqisində Hüseyn Cavid poeziyası”, Kulturologiya üzrə fəlsəfə doktoru, baş müəllim Hicran Sadıxzadə “Mənim tanrım gözəllikdir, sevgidir!”, BXA müəllimləri Səbirə Əliyeva və Könül Həsənova isə “Hüseyn Cavid yaradıcılığında əxlaq tərbiyəsi və onun mahiyyətinə nəzəri baxış”, “Dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavid” mövzuları üzrə çıxış ediblər.

Məruzəçilər bildiriblər ki, Hüseyn Cavidin dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcı qoyulub.
Vurğulanıb ki, Azərbaycan teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyasının müstəsna rolu olub.

Qeyd olunub ki, 30-cu illərin repressiya dalğasının tüğyan etdiyi bir dövrdə mövcud siyasi rejimin amansız fitvaları böyük ədibi cismən öldürsə də, zamanın ümumbəşəri problemlərini qaldırdığı əsərləri ilə Hüseyn Cavid qəlblərdə əbədiyyət qazanmışdır.