Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə görkəmli şair, vətən fədaisi, Azərbaycan ədəbiyyatı və tarixində xüsusi yer tutan Əhməd Cavada həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, Əhməd Cavadın nəvəsi (Niyazi Axundzadənin qızı) Almaz xanım, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova Tohidi, N. Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, dosent Göyərçin Mustafayeva və M. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla xanım iştirak edib.
Tədbir Əhməd Cavadın sözlərinin müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Tədbirdə orta ixtisas təhsili pilləsinin tələbələri “Əhməd Cavadın Azərbaycan tarixi və ədəbiyyatında rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Onlar Ə. Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verib, şeirlərindən nümunələr söyləyiblər.
Qeyd edilib ki, Azərbaycan və türk ədəbiyyatında müstəsna xidmətləri olan maarifçi, tərcüməçi, pedaqoq, görkəmli ictimai xadim, istiqlal şairi, repressiya qurbanı Əhməd Cavad bütün ömrünü Azərbaycan xalqının azadlığına və türkçülük ideologiyasına söykənən parlaq şeirlərini Azərbaycan və türk dünyasının birliyinə həsr edib.
Tədbir çərçivəsində sözləri böyük şair Ə. Cavada məxsus olan “Şükriyyə” və “Çırpınırdı Qara dəniz” mahnıları səsləndirilib.
Milli istiqlal şairi, Azərbaycan Dövlət Himninin müəllifi, görkəmli ədib Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş tədbirdə fəal iştirakına görə Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, A. Zeynallı adına musiqi kollecinin tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı Leyla Abdulrəhmanova və fortepiano müəllimi Türkan Xalidliyə Təşəkkürnamələr təqdim edilib.