Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova şagirdlərə “Dilimizin saflığını qoruyaq!” adlı seminar dərs keçib. Dərsdə BXA-nın tam orta təhsil pilləsinin müəllim və şagird heyəti iştirak edib.
Seminar dərsə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilib.
Öncə A. Məmmədova 44 günlük müharibədən sonra Qarabağda 2020-2025-ci illər ərzində aparılan quruculuq işləri və təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. O qeyd edib ki, bu illər ərzində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə neçə-neçə ümumtəhsil müəssisələri açılıb, Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Ardınca seminar dərs çərçivəsində videoçarx nümayiş etdirilib.
Görüntülərdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında apardığı islahatlar və bu gün onun siyasi kursunu layiqincə davam etdirən prezidentimiz İlham Əliyevin təhsil sahəsində keyfiyyət göstəricilərinin daha da yüksək olmasına dair fəaliyyətini əks etdirən sənədli materiallar öz əksini tapıb.

