5

Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Rəqs Birliyinin birgə təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) beynəlxalq səviyyəli seminar keçirilib.
Seminarda Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, müəllim heyəti, həmçinin rəqs sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbirin xüsusi qonağı İspaniya Festivallar Komitəsinin prezidenti, “Fiestalonia Milenio” beynəlxalq təhsil platformasının təsisçisi David Caparidze olub.
David Caparidze seminar çərçivəsində “Müəllimlər beynəlxalq müsabiqələrin qaliblərini necə yetişdirir” mövzusunda geniş təqdimatla çıxış edib.
O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin tələbləri, iştirakçıların hazırlanma mərhələləri, düzgün repertuar seçimi, səhnə mədəniyyəti və psixoloji hazırlığın əhəmiyyəti barədə ətraflı məlumat verib.
Seminar zamanı beynəlxalq təcrübəyə əsaslanan konkret nümunələr təqdim olunub, uğurlu layihələr və müsabiqə qaliblərinin hazırlanma prosesi təhlil edilib.
İştirakçılar üçün interaktiv müzakirələr təşkil olunub, müəllimlər öz suallarını ünvanlayaraq praktiki tövsiyələr əldə ediblər.
Tədbirin sonunda seminarda iştirak edən müəllimlər sertifikatlarla təltif olunublar.

Comments are disabled