“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması, naşir və karikaturaçı, Əməkdar artist Bəhram Bağırzadə bu dəfə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin şagirdləri ilə görüşüb.
Görüşdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib. Azyaşlı oxucuların B.Bağırzadəni daha yaxından görmək və müəllifi olduğu kitabları imzalatmaq imkanı yaranıb.
Tədbir zamanı əməkdar artist öz yaradıcılıq yolundan bəhs edib, maraqlı xatirələrini bölüşüb, eyni zamanda, onu sevən azyaşlıların suallarını özünəməxsus yumor formasında cavablandırıb. Bəhram Bağırzadənin azyaşlıların dünyagörüşünün formalaşması üçün müxtəlif mövzuları əhatə edən 189 kitabı işıq üzü görüb.
Azərbaycan və rus dillərində nəşr olunan kitablar həm dünyəvi elmi bilikləri çatdırır, həm də estetik baxımından nəfis tərtibatı və rəngarəng rəsmləri ilə uşaqların diqqətini cəlb edir.
B. Bağırzadənin uşaqlar üçün çap etdirdiyi “Davranış qaydaları”, “Futbol”, “Dişlər haqqında”, “Azərbaycan florası”, “Pişiklər”, “Sualtı dünya”, “Bakı”, “Maşınların tarixi”, “Azərbaycan mətbəxi”, “Gəncə”, “Su haqqında”, “Albert Eynşteyn”, “Silahın tarixi”, “İtlər”, “Şamaxı”, “Kosmos”, “Ev heyvanları haqqında şeirlər” və s. kimi kitablar onların masaüstü sevimli kitablarına çevrilib.
Tədbir çərçivəsində Azərbaycanın sevimli siması Bəhram Bağırzadə şagirdlərlə səmimi dostluq şəkilləri çəkdirib.