Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan teatrının 150 illiyi münasibətilə tanınmış aktyor və rejissor, Azərbaycan Respublikasının Əməkdar artisti Nicat Kazımovla görüş keçirilib.
Görüşdə BXA-nın tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələrinin şagird və tələbələri ilə yanaşı, müəllim heyəti də iştirak edib.
Görüşdə N. Kazımov rəqs sənətinin aktyorluq sənəti ilə sıx əlaqəsindən söhbət açaraq qeyd edib ki, rəqqas və rəqqasələr səhnədə hər hansı bir rəqs nömrəsini ifa edən zaman rəqsin motivini tamaşaçıya olduğu kimi çatdırmaq üçün mütləq şəkildə aktyorluq bacarıqlarını nümayiş etdirirlər. Burada icra etdikləri əl-qol hərəkətləri, duruş, mimika və jestlər onların peşəkarlıq səviyyəsini daha da artırır.
Eyni zamanda, Əməkdar artist quruluş verdiyi əsərlərin süjet xəttindən, qarşıdan gələn ildə onun quruluşunda səhnələşdiriləcək tamaşa əsərlərinin motivi haqqında ətraflı məlumat verib.
Xüsusi maraqla davam edən görüş sual-cavabla yekunlaşıb.
Qeyd edək ki, Nicat Kazımov həm də BXA-da rejissor sənəti və aktyor sənəti ixtisasları üzrə pedaqoji fəaliyyət göstərir.