Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsil pilləsinin direktoru rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Uşaq Birliyinin rəhbəri Xatirə Tahirova, elmi katib Həbibə Məmmədova, akademiyanın tələbə-müəllim və şagird heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra əllərində Azərbaycan bayrağı və Qarabağ şəhidlərinin şəkillərini tutan BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında şəhidlərimizin ruhuna ithaf edilən şeirlər səsləndirilib.
Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı erməni işğalçılarından azad edərək Qələbəyə imza atıb. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmənin ordusunu məhv edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Sonda isə “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.